Tarixdə bu gün

İin 361-ci günü (uzun illərdə 362-ci). İlin sonuna 4 gün qalır.

Mühüm hadisələr:

1936 — Türk şairi Nazim Hikmət həbs edilib.

1939 — Ərzincanda baş vermiş zəlzələ 32 968 nəfərin ölümünə səbəb olub.

Doğum günləri:

1932 — Məşhur bəstəkar, Xalq artisti, Azərbaycanda ilk rok operettanın müəllifi Oqtay Kazımi (tam adı: Oqtay Məmməd oğlu Kazımov Astara şəhərində anadan olmuşdur.
O.Kazımi Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbinin Xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələmişdir. O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın Bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir.
O.Kazıminin mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.
O.Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş xalq artisti, 77 yaşlı bəstəkar Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat etmişdir.

1934 — Azərbaycan heykəltaraşı, Xalq rəssamı , SSRİ (1972) və Azərbaycanın (1976) Dövlət Mükafatları Laureatı İbrahim İsmayıl oğlu Zeynalov Bakı şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə Qəbul olunmuş və 1956-cı ildə məktəbin Heykəltaraşlıq şöbəsinidətəhsilini başa vurmuşdur. İbrahim Zeynalov elə həmin ildən təhsilini Xarkov Rəssamlıq institutunda davam etdirmişdir. O, 1962-ci ildə institutun heykəltaraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıtmış və bütün ömrünü heykəltaraşlıq sənətinə həsr etmişdir.
1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olan İbrahim Zeynalov özünün sənətkarlıq fəaliyyətini pedaqoji işlə uğurla əlaqələndirmiş, 1971–1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973–1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olmuşdur.
İbrahim Zeynalovun yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bütün əsərləri Azərbaycan heykəltaraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Azərbaycanın müxtəlif guşələrini bəzəyən həmin abidələr artıq şəhər və rayonlarımızın görkəminin ayrılmaz hissəsi olmuşdur.
Rəssam 2008-ci il martın 6-da ömrünün 74-cü ilində vəfat etmişdir.

1938 — Məşhur kino və teatr aktrisası, Xalq artisti Safurə Ağabala qız İbrahimova Bakıda doğulub.
1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Kino və dram aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda onu Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Həmin vaxtdan indiyə qədər bu kollektivdə çalışır.
Xaraktercə lirik-dramatik aktrisadır. Komik personajlarda da məharətlə oynaya bilir. Səhnədə səmimiyyəti, obrazın psixoloji xarakterini həssaslıqla duyması ilə seçilir. Mənalı sifət ifadələrindən və plastik emosional hərəkətlərdən istifadə etməkdə səriştəlidir. Safurə İbrahimova səhnədə Kamalə, İnci (“Toy” və “Xoşbəxtlər”, Sabit Rəhman), Əsmər (“Alov”, Mehdi Hüseyn), Fernando (“Dəlilər”, Lope de Veqa), Gülnar və Tamara (“Vaqif”, Səməd Vurğun), Nazlı (“Ölülər”, Cəlil Məmmədquluzadə), Ofeliya (“Hamlet”, Vilyam Şekspir), Hafizə (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Karola (“Füsunkar qız”, Mlkolaş Dyarfaş), Jasmen, Vəfa (“Knyaz” və “Xəyyam”, Hüseyn Cavid), Daduno (“Darıxma, ana!”, Nodar Dumbadze), Sona (“Xanuma”, Avksenti Saqareli), Cen (“Mariya Tüdor”, Viktor Hüqo), Maral (“Sənsiz”, Şıxəli Qurbanov), Saşa (“Canlı meyit”, Lev Tolstoy), Sevil (“Sevil”, Cəfər Cabbarlı), Balaxanım (“Adamın adamı”, Anar), Mədinə, Tubu xanım (“Sevgililərin cəhənnəmdə vüsalı” və “Hökmdar və qızı”, İlyas Əfəndiyev), Durdensiya (“Dişi canavar”, Federiko Qarsia Lorka), Zəhra bəyim (“Anamın kitabı”, Cəlil Məmmədquluzadə), Mələk (“Köhnə ev”, Əli Əmirli) rollarında daha çox sənət uğurları qazanıb.
Aktrisanın kino rolları arasında Telli (“Arşın mal alan”), Həbibə (“Qatır Məmməd”), Sevil (“Sevil”), Gülpəri (“Dərviş Parisi dağıdır”), Mədinə (“Alma almaya bənzər”) obrazları daha məşhurdur.
Safurə İbrahimova 24 dekabr 2002 ci ildə Xalq artisti fəxri ada layıq görülüb.
Hüseyn Cavidin “İblis” faciəsindəki Rəna roluna görə Dövlət Mükafatı Laureatıdır.
SSRİ dövründə Novruz bayramı keçirilərkən,ilk bahar qızı məhz Səfurə İbrahimova olub.
Aktrisa 21 dekabr 2020-ci ildə 81 yaşında Bakıda vəfat etmişdir.

1947 — Görkımli pianoçu, Xalq artisti, Azərbaycanın Dövlət Mükafatı Laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru , Xalq artisti Fərhəd Bədəlbəyli Bakıda anadan olmuşdur.
1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur.
Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur.
1995-ci ildən o, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir .
1991-ci ildən F. Bədəlbəyli Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektorudur.
2017-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək “İstiqla” ordeninə layiq görülmüşdür.

1948 — Tanınmış şair, jurnalist Malik Fərrux Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra BDU-nın (Bakı Dövlət Universitetinin) Jurnalistika fakültəsində təhsil almışdır (1966-1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , “Ulduz” jurnalında çap etdirdiyi ” Qartalli Dağlar” şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının “Elm və texnika verlişləri” redaksiyasinda redaktor, baş redaktor vəzfilərində çalışmışdır.
О, dörd il televiziyanın ” Ekran” qazetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi “Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. “Qara gözlər”, “Sari güllər”, “Sən də tufanla oynama”, “Polismen”, “Qar yağır”, “Alabəzək yuxular” və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. “Qızıl Qələm” mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.
1998-ci il dekabrın 2-də vəfat etmişdir.

Vəfat etmişdir:

1891— Polşa-Belarusiya şairi, məşhur şərqşünas və diplomat Xodzko Aleksandr Leonardoviç vəfat etmişdir.
Xodzko 30 avqust 1804-cü ildə anadan olmuşdur. Xodzko
Peterburqda Mirzə Cəfər Topçubaşovdan Şərq dillərini öyrənmişdir.
1842-ci ildə “Koroğlu” dastanının Cənubi Azərbaycan aşıqlarından topladığı variantını tərcümə edib Londonda ingilis dilində nəşr etdirmişdir.

1936— Məşhur Türk şairi, müəllim, vaiz, hafiz, “Quran” tərcüməçisi, siyasətçi ; “İstiqlal” Marşının müəllifi M.Akif Ərsoy vəfat etmişdir.
M. Akif Ərsoy 1873-cü ilin dekabrında İstanbulun Sarıgözəl məhəlləsində anadan olub. Uşaqlığının çox hissəsini nənəsinin Fateh Sarıgözəldəki evində keçirib.
İlk təhsilini Fatehdəki Əmir Buxari məhəllə məktəbində başladı. 3 il sonra ibtidai məktəbə getdi və atasından ərəb dilini öyrənməyə başladı. Orta məktəbdə oxuduğu müddətdə həmişə türk, ərəb, fars və fransız dillərində birinci oldu. Bu məktəbdə ona ən çox təsir edən şəxs,dövrün “azadlıqsevər” aydınlarından biri olan türk dili müəllimi herseqovinalı Hoca Kadri Əfəndi idi.
Rüştiyəyi bitirdikdən sonra anası onun mədrəsədə oxumasını istədi,lakin atasının dəstəyi ilə dövrün ən sevilən məktəblərindən biri olan Mulkiye İdadisinə yazıldı. 1888-ci ildə məktəbin yuxarı sinifində təhsilini davam etdirərkən atasını itirməsi və növbəti il Fatehdəki yanğın zamanı evlərinin yanması ailəni yoxsulluğa sürüklədi. Atasının tələbəsi Mustafa Sıtkı eyni ərazidə kiçik bir ev tikdi və ailə bu evdə yerləşdi. Tez zamanda bir peşə sahibi olmaq və internatda oxumaq istəyən Mehmet Akif, Mülkiye İdadisini tərk etdi. O illərdə yeni açılan ilk mülki baytarlıq məktəbi olan Kənd təsərrüfatı və Baytar məktəbinə daxil oldu.
Məktəb illərində idmana böyük maraq göstərdi; güləşi qonşuluqdakı dostu Kıyıcı Osman Pəhlivandan öyrəndi; başda güləş və üzgüçülük olmaqla uzun məsafəyə qaçış və güllə atma yarışlarına qatıldı; Şeirə olan marağı məktəbdəki son iki ilində daha da gücləndi.
Məzun olduqdan sonra M.Akif Ərsoy fransız dilini inkişaf etdirdi. “Quran”ı əzbərlədi və hafiz oldu. 1893 və 1894-cü illərdə “Xəzinəyi-Fünun” jurnalında bir qəzəli,1895-ci ildə “Məktəb” məcmuəsində “Qurana xitab” adlı şeiri çap olundu və məmur fəaliyyətinə başladı.
M.Akif Ərsoy,Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının(ŞKTR) “İstiqlal” Marşının müəllifidir. “Vətən şairi” və “Milli şair” unvanları ilə tanınır. İstiqlal Marşı ilə yanaşı, Çanaqqala dastanı, 1911–1933-cü illər arasında nəşr olunan yeddi şeir kitabındakı şeirləri bir araya gətirən Safahat ən dəyərli əsərlərindəndir. İkinci Məşrutiyyət dönəmindən bəri Sırat-ı Müstakim (sonradan Sebilür-Reşad kimi tanınır) jurnalının baş redaktorudur. Türkiyə İstiqlaliyyət müharibəsi dövründə millət vəkili olaraq Birinci Dövr Böyük Millət Məclisində iştirak etmişdir.

1975— Məşhur tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, filologiya elmləri doktoru , professor, Azərbaycan SSR EA həqiqi üzvü, Azərbaycanın elm xadimi, Dövlət mükafatı laureatı Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə71 yaşında vəfat etmişdir.
Məmməd Arif 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən, Xızı torpağının Bəylik adlanan ərazisindəndir.
Bakıdakı Rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920-1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930-1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.
Məmməd Arif 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, Rus ədəbiyyatı kafedrasının dosenti olmuşdur.
Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941-1950-ci illərdə burada “Rus ədəbiyyatı” kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930-1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941-1947-ci illərdə “Vətən uğrunda” (“İnqilab və mədəniyyət”, yəni indiki “Azərbaycan”) jurnalının baş redaktoru işləmişdir.
Məmməd Arif 1944-cü ildə “Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları” mövzusunda namizədlik, 1954-cü ildə isə “Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Məmməd Arif Dadaşzadə görkəmli ictimai və dövlət xadimi idi. O, uzun müddət SSRİ-İran cəmiyyəti sədrinin müavini olmuşdur.
1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və sədri olmuşdur.

2010 — Görkəmli akademik Çəmil Quliyev 83 yaşında vəfat etmişdir.
Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Ağdamda anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda Elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997-2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bir neçə sanballı monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir.

1990 — Məşhur muğam ustası, Xalq artisti Əbülfət Əsəd oğlu Əliyev 63 yaşında vəfat etmişdir.
Əbülfət Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Əbülfət 7 yaşında ikən atası dünyasını dəyişir. Ailənin güzəranı çətinləşdiyindən onlar Şuşadan köçmək məcburiyyətində qalırlar. Təxminən dörd il Füzuli rayonunda yaşayır, sonra Ağdamda yerləşirlər. O, təhsilini 1 nömrəli şəhər məktəbində davam etdirir. Burada musiqi dərnəyinə yazılır, məlahətli səsi ilə diqqəti çəkir, məktəbin ictimai tədbirlərinə qatılır. Qarabağın el şənliklərində oxuduğu “Ay bülbüllər”, “Kimə yalvarım”, “Uca barıdan aşaram mən”, “Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayır.
Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə “Şuşanın dağları” mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir.
Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.
Ə.Əliyev həm də opera səhnəmizin sevilən və arzulanan sənətkarlarından olub. Məcnun obrazını yaradan hər bir xanəndənin özünəməxsus ifası olub. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.
Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda – İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!