Tarixdə bu gün

İlin 2-ci günü

Mühüm hadisələr:

1839— Lui Dager Ayın ilk fotoşəklini çəkir.
1920– Sovet (bolşevik) Rusiyasının xarici işlər komissarı Çiçerin Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri Fətəli xan Xoyskiyə nota göndərib. Bolşeviklər Azərbaycandan Rusiyadakı vətəndaş müharibəsinə tərəf olaraq qoşulmağı və general Denikinə qarşı savaş elan etməyi tələb edirdilər. Cümhuriyyət hökuməti bu tələbi rədd etdi.
1992– Ekvador Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə xeyli sonra, 2004-ci il martın 22-də quruldu.

Doğum günləri:

1945 -Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsu rayonunda dünyaya gəlib.
Hələ orta məktəbdə oxuyarkən sənətə maraq göstərib, sevib. Məktəb dram dərnəyində fəaliyyət göstərib.
1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin “Hamlet” faciəsinin tamaşasında Horatsio olub.
Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.
Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə,  hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, “kiçik açarla da böyük qapılar açmaq olur”. Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.
“Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı…” Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi.
Çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, “Bulaq” verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç (“Evləri köndələn yar”) hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, “Bulaq” verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.
Səməndər Rzayev 27 mart 1986-cı ildə 41 yaşında vəfat edib.

1971 — Birinci Qarabağ müharibəsi döyüşlərində əsir düşsə də bayrağı yerə qoymamış itkin Natiq Səlim oğlu Qasimov
Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə Natiq səkkizillik məktəbi bitirdikdən sonra peşə məktəbində təhsil almışdır. 1991-ci Rusiyanın Krasnoyarsk vilayətində hərbi xidməti başa vurduqdan sonra vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.
1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədə əsir alınmışdır.
2019-cu ildə, Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan “ASASmedya”, Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir
Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən çəkilmiş “Oğul” sənədli filmində erməni separatçılarının rəhbərlərindən olmuş Vitali Balasanyandan da müsahibə götürülmüşdür.
Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən “general” Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib:
Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur.
Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib. Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış “general” Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi.
Natiq Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
Xocalı köçkünü —üəllimi Cəfərov Cəfərin dedikləri:

Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi.
Natiq Qasımov Haqqında bir neçə sənədli film çəkilmişdir.

1975— Azərbaycan Respublikasının Milli Qəhrəmanı,  general-mayor Polad İsrayıl oğlu Həşimov Qutqaşen rayonunun (indiki Qəbələ)  Vəndam kəndində anadan olmuşdur.
Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Polad Həşimov 2003-cü ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
Polad  Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu davam edən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunmuşdur.
 General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi.
General iyulun 15-də II Fəxri Xiyabanda  dəfn olundu.
9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verildi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən büstü hazırlanıb.Rəssam Ülkər Əbülfət tərəfindən zərlə çəkilmiş və rəssam Məcnun Rəfiyev tərəfindən çay daşları ilə işlənmiş portreti hazırlanıb.
2020-ci ilin avqustunda Qanun Nəşriyyatı tərəfindən general haqqında “Polad generalımız” adlı kitab nəşr edilib.
“Hədəf” nəşriyyatı tərəfindən “Polad Həşimov xatirələrdə” adlı kitab nəşr olunub.
 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib.
2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlayıb.

Vəfat etmişdir:

1938 – Məşhur  aktyor  Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə  repressiya qurbanı olmuşdur.
Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə 1903-cü ilin yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub.
Onun atası Rəcəb bəy digər qardaşlarından fərqli olaraq, Avropa mədəniyyəti ilə tanışlığa can atıb.
Ülvi Rəcəb yetkinlik yaşına çatanda xalası Səbriyyə ilə İstanbula gedir. Birinci Dünya müharibəsi başladığından  və o, geri qayıda bilmir. Burada  təhsil almağa başlayır. Pulu urtardığından təhsilini yarımçıq qoyaraq işləməyə başlayır. Elə həmin ərəfədə xalası xəstələnib dünyasını dəyişir. Müharibə qurtardıqdan sonra ailəsi Ülvini tapıb ona pul göndərir və tezliklə o, Batumiyə qayıdır.
1918-ci ildə Hüseyn Ərəblinskinin iştirakı ilə “Tağıyev teatrının truppası” Batumidə qastrolda olur. Qastrol tamaşaları Dəmir Teatrın və “Artistlər cəmiyyəti”nin səhnəsində gedir. Ülvi Hüseyn Ərəblinskinin ifa etdiyi Otello obrazını görəndən sonra teatra bağlanır. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olur. Onların göstərdikləri bir heçə tamaşada epizodik rolları oynayır. Gənc teatr həvəskarı hətta “Arşın mal alan” operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxır.
1919-cu ildə Ülvi Rəcəb artıq aktyor kimi tanınır.
1920-ci ilin əvvəllərində Batumi teatrı Ülvini daimi işə dəvət edir. Ülvi Rəcəb çoxlu və müxtəlif rollar ifa etmək istəyirdi. Lakin repertuarın yekrəngliyi və teatr rəhbərliyinin təşəbbüssüzlüyü aktyorda narazılıq yaradır. Elə buna görə də aktyor yaşadığı şəhəri tərk etməli olur.
Batum teatrının aktyoru kimi o, 1922-ci ildə həmin teatr kollektivi ilə Tiflisdə qastrol səfərində olur.  Elə həmin il də Tiflisə köçür. O, burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olur. “Ölülər”, “Dağılan tifaq”, “Aydın” tamaşalarında iştirak edir.
Ülvi Rəcəb Bakıya gələndən sonra dövrünün ən məşhur aktrisalarından biri olan Mərziyyə Davudova ilə tanış olur. Aktrisa həmin ərəfədə həyat yoldaşı Abbas Mirzə Şərifzadədən yenicə boşanmışdı. Ülvi ilə aktrisa qısa zamanda bir-birlərinə bağlanıb ailə qururlar. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir.
Ülvi Rəcəb Hüseyn Cavidin “Səyavuş” əsərində Səyavuş rolunu ifa edir.
1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılır. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayır. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olur.
Konstantin Trenyovun “Düşmənlər” əsərindəki Mixail Yarovay obrazı, Hüseyn Cavidin “Səyavuş” əsərindəki Səyavuş obrazı, Aleksandr Korneyçukun “Polad Qartal” əsərindəki Polad Qartal obrazı, Cəfər Cabbarlının “Yaşar” əsərindəki Yaşar obrazı aktyorun ifa etdiyi qəhrəman obrazlarıdır. Həmçinin Vilyam Şekspirin “Hamlet” və “Otello” əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin “Knyaz”ında Anton, Mirzə Cəlil Məmmədquluzadənin “Ölülər”ində İsgəndər, Cəfər Cabbarlının “Od gəlini”ndə Elxan obrazı aktyorun yaratdığı faciə qəhrəmanlarıdır.
Cavid əsərlərinin qəhrəmanlarını ən yüksək səviyyədə yaradan aktyorlardan biri 23 yaşlı Ülvi Rəcəb olub. Ülvi Rəcəb teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə, 30 yaşında “Əməkdar artist” fəxri adına layiq görülüb.
“Həyat” tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik Teatrda ifa etdiyi son rol olur.
Ülvi Rəcəb 1938-ci ilin 9 yanvarı “Vətən xaini” damğası ilə həbs edilir və həmin ilin yanvarında Bakıda güllələnir.
Aktyor yalnız 1956-cı ildə bəraət alır.

1938 —lman mənşəli rus rəssamı, karikaturist, “Molla Nəsrəddin” jurnalının əməkdaşı Oskar İvanoviç Şmerlinq (rus. Оскар Иванович Шмерлинг) 74 yaşında vəfat etmişdir.
Oskar Şmerlinq 1863-cü ildə Tiflisdə hərbi qulluqçu ailəsində anadan olub. Tbilisi realnı məktəbində oxuyub. 1880-1881-ci illərdə özünün müstəqil “Ağcaqanad” (gürc. კოღო) jurnalını çıxarır, lakin bu jurnal maddi imkanlar baxımından yetərli olmur. Həmin illərdə “Falanj” (gürc. ფალანგა) jurnalına qoşulur,  lakin karikatura barəsində təcrübəli olmadığı üçün 1884-cü ildə peşəkar rəssam olmaq məqsədilə Peterburqa üz tutur və burada  Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır.
Şmerlinq 1898-ci ildə Tiflis öz incəsənət məktəbini açıb, daha sonra “Qafqaz Sənətkarlarına Dəstək Cəmiyyəti”ndə “Rəsm, heykəltaraşlıq və arxitektura institutu”nun əsasını qoyaraq 1902-ci ildən 1916-cı ilə qədər rəhbərlik edib.
Cəlil Məmmdquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. Oskar Şmerlinq 1906-1917-ci illərdə “Molla Nəsrəddin” jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib.  Şmerlinqin nadir fırçasının məhsulu olan “Sizi deyib gəlmişəm”, Qafqazda mədrəseyi-ruhaniyyə”, “Niyə məni döyürsünüz?”, “Molla Nəsrəddin”, “İran sərhəddindən”, “Xabi-qəflət”, “Müsəlman məclisində rus zabiti”, “Məhəmmədəli şahın Təbrizdən çıxması” və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib”.
Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Nəsrəddinin portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir”.
Şmerlinqin 40 illiyi 1933-cü ildə Tbilisidə keçirilmişdir. 1929-cu ildə solo sərgisi, 1964 və 2000-ci illərdə təkrar sərgiləri keçirilmişdir.
Əsərləri Gürcüstan muzeylərində saxlanılır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!