Tarixdə bu gün
İlin 21-ci günü.
Mühüm hadisələr:
1990 —Azərbaycan SSR Ali Sovetinin Fövqəladə Sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyiblər və onu “qeyri-qanuni yığıncaq” adlandırıblar. Sessiyada Bakıdan qoşunun çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb.
1990 —Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində 20 Yanvar qətliamını pisləyib və hadisədə SSRİ rəhbərliyini, şəxsən Mixail Qorbaçovu ittiham edib.

1992 —Azərbaycan Respublikası İsveçrə ilə diplomatik əlaqə qurmuşdur.
1992 —Azərbaycan Respublikası Lixtenşteyn ilə diplomatik əlaqə qurmuşdur.
Doğum günləri:

1907— Görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi Əlisöhbət Sumbat oğlu Sumbatzadə Bakının Əmircan kəndində anadan olmuşdur.
Bakı Müəllimlər Seminariyasını (1926) və Şərq fakultəsini (1929) bitirmişdir. Respublikada iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli şəraitin yaradılması, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur. Əlisöhbət Sumbatzadə 1990-cı ildə “Azərbaycanlılar – etnogenez və xalqın formalaşması” adlı son dərəcə vacib monoqrafiyasını yazdı və elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın əsasını qoydu.
1964-cü ildə “Elm” nəşriyyatı tərəfindən buraxılan “XIX əsrdə Azərbaycan sənayesi” adlı əsəri ilə müəllif tarixşünaslığımızda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını qoydu.
Azərbaycanın iki dəfə müstəqillik qazanması, elm, təhsil ocaqlarımızın yaranıb inkişaf etməsi, respublikamızın dünyada tanınması və onlarca yadda qalan digər hadisələr məhz bu əsrlə bağlıdır. Lakin bütün bunlarla yanaşı, XX əsr həm də xalqımızın yaddaşında neçə-neçə elm xadimlərimizin yaşayıb-yaratması, tarixə çevrilməsi ilə yadda qalacaqdır. Onların sırasında elmi irsi, neçə-neçə sanballı monoqrafiyaları ilə yanaşı, həm də xüsusi görkəmi, ali elmi məclislərdə özünəməxsus çıxışları, çoxlarına nəsib olmayan hazırcavablığı, müdrik məntiqi və natiqlik məharəti ilə seçilən Əlisöhbət Sumbatzadə adlı bir elm cəfakeşinin də olması şübhəsizdir.
Akademik 1992-ci ildə 84 yaşında vəfat etmişdir.

1924 – Şərqdə ilk opera yazan bəstəkar qadın – Azərbaycanın Xalq artisti Şəfiqə Axundova Şəki şəhərində anadan olub.
1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib.
1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.
2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
Şəfiqə xanım 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. O, həm də bir sıra gözəl mahnaların (“Leyla”, “Bəxtiyar ellər” və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” və s. tamaşaların, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Şəfiqə xanım həm də Şərqdə ilk opera yazan qadın kimi də tarixə düşüb. 1971-ci ildə “Gəlin qayası” operası ilə musiqisevərləri valeh edib.
26 iyul 2013-cü ildə vəfat etmişdir.

1950 – Azərbaycanın Xalq şairi Zəlimxan Yusif oğlu Yaqubov (Zəlimxan Yaqub) Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.
1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.
1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.
2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olmuşdur.
Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞda, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.
Şair 2016-cı il yanvarın 9-da 65 yaşında dünyasını dəyişib.
9 yanvar 2016 –cı ildə vəfat etmişdir.
Vəfat etmişdir:
1921 – Məşhur türk kommunisti Mustafa Sübhini süngü ilə öldürüb Qara dənizə atmışlar.
Mustafa Sübhi 1888-ci ildə Samsun şəhərində anadan olmuşdur.

1999 —Məşhur Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq artisti , Üzeyir Hacıbəyоv adına respublika mükafatı laureatı Süleyman Ələsgərоv vəfat etmişdir.
Süleyman ələsgərov 22 fevral 1924-cü ildə Şuşada dоğulub.
Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çağlı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib. Yaradıcılığında оperetta janrı əsas yer tutur. “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Hardasan ay subaylıq”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Məhəbbət gülü”,”Subaylardan görəsiz”, “Gurultulu məhəbbət” operettaları Azərbaycan Musiqili Kоmediya Teatrının səhnəsində bu gün də оynanılır. Bundan başqa, оnun “Bahadır və Sоna”, “Sоlğun çiçəklər” оperaları, bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfоnik muğamı, simfоnik pоema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), “Tarantella”, “Rəqs-tokkata”,”Rondo”, “Aşıqvari”, Qanun aləti üçün yazdığı “Poema”(“Rapsodiya”) və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1996—Xalq rəssamı , SSRİ Dövlət Mükafatı Laureatı Fikrət Bağır oğlu Bağırov 61 yaşında vəfat etmişdir.
Fikrət Bağırov 10 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1958-ci ildə Azərbaycan rəssamlıq məktəbini bitirərək Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olmuşdur.
Təhsilini başa vurub Bakıya qayıdan Fikrət Bağırov, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.
Əsərləri respublika və xaricdə sərgilərdə nümayiş etdirilib.

2008—Gör opera müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Lütfiyar İmanov vəfat etmişdir.
Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabadda anadan olub. Lütfiyar İmanov ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində “5 manatlıq gəlin” tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradır. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu “operasında Koroğlu rolunu oynayıb. 1968-ci ildə İncəsənət Universitetini bitirib və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olub.
Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışmışdr. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

2011 -Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Məhəmməd oğlu Hacıyev vəfat etmişdir.
Müəllim və kafedra müdiri kimi yeni ədəbiyyatşünaslar nəslinin formalaşmasında böyük rol oynamışdır, bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti, rəyçisi olmuşdur.
Abbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Elçin və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında monoqrafiya və məqalələr yazmışdır.
Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı müasir ədəbiyyat nümunələrinə dair bir sıra dəyərli tənqidi əsərləri var.
Əsərləri haqqında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında nüfuzlu alimlərin rəyləri dərc olunmuşdur.
2006- cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Bayramlar və xüsusi günlər:

Beynəlxalq Qucaqlaşma Günüdür.
Bu bayram da qeyri-adi bayramlardan hesab olunur. 1986-cı ildə ABŞ-da yaranıb. Daha sonralar Avropaya və getdikcə dünyaya yayılıb.
Bayramın ənənəsinə görə bu gündə istənilən kəs istənilən yerdə tanımadığı şəxsləri belə, qucaqlaya bilər.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.