Tarixdə bu gün

İlin 29-cu günü.

Mühüm hadisələr:

2001— Fransa parlamenti uydurma “erməni soyqırımını” tanıyıb. 2007 – Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının qərarı ilə Mehriban Əliyeva “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə” mükafatına layiq görülüb.

Doğum günləri:

 1860— Görkəmli rus yazıçısı Antоn Pavloviç Çeхоv Taqanrok şəhərində anadan olub. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tоlstоy Çeхоvun yaradıcılığı haqqında belə deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”. Çeхоv dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanııb. 1904-cü il iyulun 15-də vəfat edib.

1925 — Azərbaycan futbolçusu, futbol hakimi Tofiq Bəhramov Ağdam rayonunda anadan olmuşdur. Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub. Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan azərbaycanlı hakim, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Tofiq Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub. 1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu. Tofiq Bəhramov isə bu qarşılaşmada “laynsman” funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdir. Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb. Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olmuş Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

1926 – Xalq artisti Xosrov Abdulla oğlu Abdullayev 29 yanvar 1926-cı ildə Şamaxıda anadan olub. 1942-ci ildə  Moskva Dövlət Sirk Sənəti Məktəbini bitirib .Görkəmli sovet jonqlyorlarından olan Abdullayev 30 ildən artıq bu janrda fəaliyyət göstərmişdir. Abdullayevin jonqlyor sənəti virtuozluğu, orijinallığı, milli özünəməxsusluğu və ekssentrik elementləri ilə fərqlənirdi. Abdullayev həmçinin kloun və illüzionist kimi də tanınmış (Karandaş və E. Kionun proqramlarında), 1976-cı ildə ilk dəfə “İllüziya revüsü”attraksionu ilə müstəqil çıxış etmişdir. Dünyanın 48 ölkəsində qastrolda olmuşdur. “Uşaqlığın son gecəsi”, “Cəsurlar meydanı”, “Sirk meydançası” və s. filmlərdə çəkilmişdir. Abdullayev haqqında “Sirk mənim həyatımdır” sənədli filmi yaradılmışdır. Xosrov Abdullayev 31 mart 1980-ci ildə Novosibirskdə vəfat edib. Moskvada dəfn edilmişdir.

1927— Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik nümayəndələrindən biri, Azərbaycanın və  SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova Bakıda doğulub. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas speşəkarlığını təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir. Məşhur balerina  Leyla Vəkilova 21 fevral 1999-cu ildə  vəfat etmişdir.

1938 — Məşhur qaboy ustası, “Şöhrət” ordenli Azərbaycanın Respublikasının Xalq artisti Kamil Cəlil oğlu Cəlilov Buzovna kəndində dünyaya gəlib. Orta təhsilini Bakıdakı 176 saylı məktəbdə, ilk musiqi təhsilini isə    1 saylı musiqi məktəbində alıb. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub. İfa etdiyi muğamlar: “Bayatı-Kürd”, “Segah”, “Zəminxarə”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, “Humayun” və ritmik muğamlardan “Qarabağ” şikəstəsi. 2013-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur . Kamil Cəlilovun sənətdə yaradıcılığı çoxşaxəlidir.O, qaboyda bir sıra islahatlar aparması və melomanlıq məharəti xüsusi ilə qeyd olunmalıdır. Onun bir sıra melodiyaları – “Çahargah” və “Segah” rəngləri, eləcə də nəticəsinə həsr etdiyi “Nuranım” adlı rəqsi var. Qeyd edilən sahələrin (pedaqoji fəaliyyət, ifaçılıq sənəti, qaboyda islahatlar aparılması və melomanlıq) hər biri ayrıca, geniş tədqiqat mövzusudur. Daha sonra uzun illər 12 və 15 saylı uşaq musiqi məktəblərində, Respublika İncəsənət Gimnaziyasında (25 ildən artıq) müəllimlik edib, qaboyun sirlərini gənc nəslə öyrətmişdir. Kamil Cəlilov qaboy alətini muğam dünyasına gətirən ilk ifaçıdır. Dəfələrlə  dünyanın bir çox ölkələrinin nəhəng konsert salonlarında çıxış etmişdir. Ümummilli lider Heydər Əliyev demişdir: “Mən Kamil Cəlilovun “Azərbaycan təranələri”ni dinləyəndə bütün Azərbaycanın xəritəsi, mənzərələri, dağları, meşələri gözümün önünə gəlir. Sanki seyrə çıxıram. Kamil Cəlilov yaradıcı, virtuoz sənətkardır”.

Vəfat etmişdir:

2000 – Şərqşünas alim, pedaqoji elmlər doktoru, professor   Ələsgər Cəfər oğlu Məmmədov vəfat etmişdir. Ələsgər Məmmədov 10 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. 7 illik məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumuna (1933-1937) daxil olmuş, təqribən 14-15 yaşından etibarən müstəqil həyata başlamışdır. Sonralar Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültəsinin alman dili şöbəsini (1937-1941), Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb dili şöbəsini (1941-1944) bitirmişdir. Əmək fəaliyyətinə Bakı Xüsusi Hərbi Dəniz Məktəbində alman dilinin tədrisi ilə başlamış Ələsgər Məmmədov 1945-ci ilin fevralından 1947-ci ilin avqust ayınadək SSRİ Xarici İşlər Nazirliyində Yaxın Şərq Ölkələri şöbəsinin böyük referenti vəzifəsində çalışmışdır. İşlədiyi 2 il yarım ərzində Almaniya Xarici İşlər Nazirliyinin ələ keçirilmiş diplomatik sənədlərinin böyük bir qismini (30-dan artıq) alman dilindən rus dilinə tərcümə etmişdir. SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək Nürnberq Beynəlxalq Hərbi Tribunalda alman dili tərcüməçisi kimi iştirak etmişdir. Ələsgər Məmmədov həmin prosesdə iştirak edən iki azərbaycanlıdan biri olmuşdur. Ələsgər Məmmədov həyatının bu dövrü haqqında bildirirdi ki, gənc mütəxəssis kimi alman dilindən imtahan verərkən, imtahanı qəbul edən məşhur alim, alman dili qrammatikasının müəllifi Qrabor-Passak ondan razı qalmış və Qrabor-Passakın məsləhəti ilə o, alman dili tərcüməçisi kimi Nürnberq beynəlxalq hərbi tribunalına göndərilmişdir. Qeyd etmək lazımdır ki, Nürnberq prosesində iştirak edərkən Ələsgər Məmmədovun 26 yaşı var idi. Azərbaycan Sovet Ensiklopediyasının “Nürnberq mühakiməsi (1945)” məqaləsində Ələsgər Məmmədovun Nürnberq mühakiməsində Sovet nümayəndəliyi tərkibində alman dili tərcüməçisi kimi iştirak etməsi göstərilmişdir. Ələsgər Məmmədov 1947-ci ilin avqust ayından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində çalışmışdır. O, 1947-1950 illərdə Universitetdə baş müəllim vəzifəsində işləmiş, 1948-1950 illərdə ərəb dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 1953-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1954-cü ildə dosent, 1967-ci ildə professor olan Ə.Məmmədov 1992-ci ildə Əməkdar elm xadimi, 1994-cü ildə isə pedaqoji elmlər doktoru alimlik dərəcəsini almış və Azərbaycanda müdafiə etmədən doktorluq dərəcəsi alan ilk alim olmuşdur. Alimlərin fikrinə görə, onun yazdığı hər bir dərslik doktorluq dərəcəsi almaq üçün kifayət idi.Ələsgər Məmmədov 1957-ci ildə Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuşdur. Bu məktəbin ilk tələbələrindən olan, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov tərtibçisi olduğu və tərcümələrin əksəriyyətini etdiyi “Şərq fəlsəfəsi (IX-XII əsrlər)” (Bakı Dövlət Universiteti nəşriyyatı, 1999) kitabını professor Ələsgər Məmmədov tərəfindən əsası qoyulmuş Azərbaycan ərəbşünaslıq məktəbinin 40 illiyinə ithaf etmişdir. Ə.Məmmədov Ərəb dili kafedrasını yaradaraq 29 il onun müdiri işləmişdir. O, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində “Ərəb ölkələrinə yayım” şöbəsinin yaradılmasının təşəbbüskarlarından biri və ilk redaktoru olmuş, “Dostluq” cəmiyyətinin yaranmasında yaxından iştirak etmişdir.

2016 — Xalq artisti,  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru , “Şöhrət” və “Şərəf” ordenləri laureatı Musa  Mirzəyev 84 yaşında vəfat etmişdir. Musa  Mirzəyev1933-cü il yanvarın 26-da anadan olmuşdur. 1947-1951 -ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda  oxuduğu illərdə professor Boris Zeydman ilk bəstəkarlıq dərsləri almışdır. 1952-1958-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində təhsil almış və peşəkarlığını daha üst səviyyəyə inkişaf etdirməyə başlamışdır. Onun monumental “I simfoniya”, “Simfoniyetta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar – o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Bəstəkar uzun illərdir pedaqoji fəaliyyət göstərərək, öz bilik və bacarığını gənc musiqiçi nəslinin yetişdirilməsinə sərf edir. O, 1992-ci ildən görkəmli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin dəvəti ilə bu təhsil ocağında mahir orkestr bilicisi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Akademiyanın dirijorluq kafedrasında “Simfonik alətləşdirmə” və “Xor aranjimanı” fənlərindən dərs deyən bəstəkar gənc musiqiçilərə sənətin sirlərini böyük həvəslə öyrədir.

Bayramlar və xüsusi günlər:

29 yanvar Azərbaycan Gömrük İşçiləri Günüdür.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra – 1992-ci il yanvarın 29-da müstəqil gömrük sisteminin əsası qoyuldu. Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Gömrük sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin aparılmasının qarşısını alır.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə 29 yanvar gömrük işçilərinin peşə bayramı günü elan olunmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!