Tarixdə bu gün
İlin 40-cı günü
Mühüm hadisələr:
1934 — Türkiyə, Yunanıstan, Rumıniya və Yuqoslaviya arasında Balkan sazişi imzalanıb
1905 — Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın başa çatıb.

1924 — Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına (Naxçıvan MSSR) çevrilməsi təsdiq edilmişdir.
1993 — Azərbaycan Ordusunun Dağlıq Qarabağın şimalındakı birləşmələri xəyanət nəticəsində mühüm strateji mövqeləri itiriblər. Korpus komandiri, Qarabağ üzrə prezidentin səlahiyyətli nümayəndəsi Surət Hüseynovun əmri ilə qoşun birləşmələri Ağdərə rayonundakı mövqelərdən geri çəkilməyə başlayıb. Fevralın 10-da ölkə rəhbərliyi S.Hüseynovu tutduğu vəzifələrdən azad edib.
1994 — Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” və bir çox sahələrdə əməkdaşlığa dair protokollar imzalanıb.
1995 — Azərbaycan Respublikası Bosniya və Herseqovina ilə diplomatik əlaqələr qurmuşdur.
2007 — Prezident İlham Əliyev 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Doğum günləri:

1441 — Görkəmli özbək şairi və mütəfəkkiri Əlişir Nəvai Herat şəhərində anadan olmuşdur.
Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır.Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır.Bu əsərlərin hamısı məşhurdur, amma ən məşhurları “Mühakəmət-ül Lüğəteyn”,”Məcalisün-Nəfais” adlı əsərləriylə,beş məsnəvidən ibarət olan “Xəmsə”si və bütün şerlərini topladığı “Divan”lardır. “Mühakəmət-ül Lüğəteyn” adlı əsərində Türk və fars dillərini qarşılaşdırır.Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır, sübuta yetirir. “Məcalisün-Nəfais” şairlər və ədiblər təzkirəsidir.Başqa cür desək,bir ədəbiyyat tarixidir və 15 – ci əsrdə Türküstan və İranda yaşamış şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir. “Xəmsə”sində “Fərhad və Şirin”,”Leyli və Məcnun” kimi mənzum romanları,Makedoniyalı İskəndərin həyatından bəhs edən “Səddi-İskəndəri”,sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən “Səbəy-Səyyarə” adlı tarixi əsərləri,əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir.Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb. Qəzəllər,müxəmməslər,rübailər, müstəzadlar, müfrədlərdən ibarət bu şerlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.
1506-cı ildə Heratda vəfat etmişdir.

1909 — Azərbaycan müğənnisi, Əməkdar artist Cahan Rza qızı Talışinskaya Lənkəran şəhərində anadan olub.
O, Azərbaycan Qızlar seminariyasına qəbul olub və eyni zamanda musiqi və vokal ilə maraqlanıb. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan heç bir musiqi savadı olmadan tanış melodiyaları pianoda çalıb. Xanəndənin oğlu, Azərbaycanın Əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, istər qarmon, istər fleyta, istər qaval olsun, necə asanlıqla çalmağından danışıb.
Seminariyada oxuduğu illərdə Cahan xanım o dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunan bədii özfəaliyyət dərnəyində iştirak etməyə başlayıb. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə düzəlib, 1934-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur.
Cahan xanım xalq mahnılarının və Azərbaycan muğamlarının gözəl ifaçısı olub. Müasirlərinin xatirələrində deyildiyi kimi, onun ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz” və həmçinin “Qarabağ şikəstəsi” muğamları dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunub. Lakin “Qatar” muğamı onun ifa etdiyi şah əsəri olub. Çox vaxt bu mahnını belə də adlandırıblar – “Qatar Cahan”. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs aparatına malik olması bu texniki cəhətdən mürəkkəb olan muğamı onun ifasında təkrarolunmaz edib. O dövrdə Cahan xanım Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələr ilə konsert proqramlarında iştirak edib.
1933-cu ildə “Şərq musiqi” ansamblının tərkibində Cahan xanım Moskva, Leninqrad və Kiyev şəhərlərinə qastrol səfərlərinə çıxır. 1936-cı ildə isə o yenə Moskva və Leninqrad qastrolları zamanı Ümumittifaq yazı studiyasında “Qatar” və “Segah” muğamlarını, “Uca dağlar” və “Yeni kənd” mahnılarını lentə aldırır. Müharibədən əvvəlki bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəgbətini və məhəbbətini qazanıb. Onu hər yerdə tanıyıblar. Çox açıqürəkli, şən, mehriban insan olan Cahan xanımın saysız-hesabsız dost və tanışları var idi. Bunlardan – Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şovkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədiri, Mərziyə Davudova kimi bir çox məşhur adamların adını çəkmək olar.
1937-ci ilin repressiyaları Cahan Talışinskayanı da rahat buraxmayıb. Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyündə iştirak etməyə icazə verilməyib. Onun adı iştirakçılar siyahısından silinib. Buna baxmayaraq, 1939-cu ildə estrada artistlərinin Birinci Ümumittifaq müsabiqəsinə yollanan Cahan xanım həmin müsabiqənin laureatı olub. 1940-cı ildə Cahan Talışinskaya Respublikanın Əməkdar artisti fəxri adını alıb. 33 yaşında o, artıq yaradıcılığının yüksək zirvəsinə çataraq xalq tərəfindən sevilib. 1942-ci ildə onu 14 yaşlı oğlu ilə birlikdə Qazaxıstanın Petropavlovsk rayonuna sürgün ediblər. Bir sıra xahiş ərizələrindən sonra Cahan xanım Özbəkistanın əvvəlcə Çimkənt, sonra isə Daşkənd şəhərinə köçüb və oğlu Nazimi Bakıya, öz qardaşı, məşhur professor, travmatoloq Əbülfət Talışinskinin yanına göndərib. Daşkənddə Cahan xanım şəhər filarmoniyasında solist ifaçı kimi çalışmağa başlayıb. Sonra Tbilisi şəhərində incəsənət işləri üzrə idarəyə təyinat alıb. Beləliklə, Cahan xanım Tbilisi şəhərində Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada o Leyli (“Leyli və Məcnun”), Telli (“Arşın mal alan”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında iştirak edib və böyük müvəffəqiyyət qazanıb.
Bir müddətdən sonra Vətənə qayıdan sənətkar Musiqili Teatrın direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəylinin dəvəti ilə parlaq komediya aktrisası kimi bu teatrın səhnəsində maraqlı obrazlar qalereyası yaradır. Onun təbiətində olan şən əhval-ruhiyyə yenidən canlanır. Deyilənə görə, tamaşaçılar o dövrdə Musiqili Komediya Teatrına “Talışinskayanın teatrı” adı ilə gedirdilər. Onun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Gözün aydın”, “Durna” operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları o qədər parlaq və yadda qalan idi ki, tamaşaçılar onu səhnəyə dəvət edir, hətta, mahnı və ariyaları bir neçə dəfə ifa etməsini tələb ediblər. Sənəm rolunun ifası zamanı “Segah” muğamı üzərində edilən improvizə zalda gurultulu alqışlara səbəb olub. 1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Cahan Talışinskaya oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə Stalinin ölümündən və M.C.Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur. Cahan xanım Daşkənddə yaşamağı davam edir. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verib. Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar.
Cahan xanım bir il sonra 1967-ci ildə vəfat edir. Pianoda çalıb oxuduğu zaman iflic olmuş və gözlərini əbədilik yummuşdur.

1924 — Görkəmli heykəltəraş, Xalq rəssamı Mirələsgər Mirəsədulla oğlu Mirqasımov Bakıda anadan olmuşdur.
Mirələsgər Mirəsədulla oğlu Mirqasımov 1944-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1950-ci ildə isə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir.
Heykəltəraşlığın müxtəlf janrlarında, xüsusilə monumental heykəltəraşlıq janrında bir sıra yüksək bədii dəyərli əsərlər yaratmışdır.
M.Mirqasımov 1974-cü ildə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin müəllifidir.
Ən məşhur əsərləri sırasında Mirzə Ələkbər Sabirin büstü (gips, 1947, Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır), “Uxuru” heykəli (“Azadlıq”, gips, 1961, Azərbaycan Dövlət Şəkil Qalereyasında), Xəzri (gips, 1970, Azərbaycan Dövlət Şəkil Qalereyasıda) adlarını qeyd etmək olar. Monumental işlərindən Leninin (tunc, qranit 1957), Cəfər Cabbarlının (qranit, 1982, Bakı) abidələri, Nəriman Nərimanovun büstü (tunc-qranit 1964, Sumqayıtda) fərqlənir.

1942 — Azərbaycanın görkəmli yazıçısı və publisisti, Əməkdar Mədəniyyət İşçisi, professor Fazil Şamil oğlu Rəhmanzadə Bakıda doğulub.
1959-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur(1959-1964).
Uzun illər “Bakı” qəzetini mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin əməkdaşı (1981-1983), “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri olmuşdur (1983-1994). Ədəbi yaradıcılığa 60-cı illərdən başlamışdır. Fazil Rəhmanzadənin 30-a yaxın tarixi-publisistik kitabları nəşr olunmuşdur. Yazıçı “Qızıl qələm”, “Dan ulduzu”, “H. Zərdabi”, “Humay” mükafatları laureatıdır. O, “Soydaş” Beynəlxalq Assosiasiyasının prezidenti seçilmişdir (1994). Əməkdar mədəniyyət işçisidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Qərb Universitetinin professoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının filologiya elmləri doktorudur.

1946 – Azərbaycan teatr və kino aktyoru Əsgər Məmmədoğlu Bakı şəhərində anadan olub.
1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.
2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Əsgər Məmmədoğlu Milli Dram Teatrının səhnəsində, eləcə də bir çox teletamaşalarda ( Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir-qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) yaddaqlan obrazlar yaratmışdır. “Mozalan” satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları” (Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), “Tehran-43” (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.Xüsusilə “Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə “Xoxan” filminə çəkilmişdir.
21 dekabr 2015-ci ildə 69 yaşında vəfat etmişdir.
Vəfat etmişdir:

1881 — Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan, adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski 59 yaşında Peterburq şəhərində vəfat etmişdir. F. Dosteyevski 11 noyabr 1821-ci ildə Moskvada doğulmuşdur.
“Alçaldılmış və təhqir olunmuşlar “, “Ölü evdən qeydlər”, “Gizlindən qeydlər “, ” Cinayət və cəza ” “Qumarbaz “, ” İdiot (1868), Əbədi ər “, Cinlər “, “Yeniyetmə “, “Bir yazıçının gündəliyi “, ” Karamazov qardaşları ” və s. məşhur əsərlərin müəllifidir.

1985 — Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov 65 yaşında Bakıda vəfat etmişdir.
Ziyəddin Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur.
1938-1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur.
O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur.

1993— Azərbaycanın Milli Qəhrəmanı Namiq Vahid oğlu Abdullayev Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.
Namiq Abdullayev 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq orduya getmək istədiyini bildirir. Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər.
Namiq 1992-ci ilin dekabr ayında cəbhəyə yola düşür. 1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. N.Abdullayev bu döyüşdə xüsusilə fərqlənir. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı. Zirehli texnikanın heyəti məhv edildi və vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Avşar kəndində dəfn edilib.
Avşar kənd orta məktəbi onun adını daşıyır.
Bayramlar və xüsusi günlər

9 fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür.
Beynəlxalq Təhlükəsiz İnternet Günü (“International Safer Internet Day”) hər il fevralın ikinci həftəsinin çərşənbə axşamı qeyd edilir.
2020-ci ildə “Birlikdə daha yaxşı internet üçün” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü fevralın 9-na təsadüf edir.
Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 170-dən çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. İldən-ilə bu günün qeyd olunmasının coğrafiyası genişlənir.
“Insafe” Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaqdır. Hər milli mərkəz daha yaxşı internetin yaradılmasına faktlar əsasında və çoxtərəfli yanaşmanı təmin etmək məqsədilə məlumat və maarifləndirmə kampaniyaları təşkil edir, qaynar xətti dəstəkləyir, gənclərlə sıx əməkdaşlıq edir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.