Tarixdə bu gün
İlin 41-ci günü.
Mühüm hadisələr:

1828 – İranla Rusiya arasında Türkmənçay müqaviləsi imzalanmışdır.
1974 – Azərbaycan SSR Ali Soveti “10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının tərtib edilməsi haqqında” qərar verib.
1992 – Azərbaycan Respublikası Meksika ilə diplomatik əlaqələr qurmuşdur.
1998 – Azərbaycan Respublikası Milli Məclisi ölkədə ölüm hökmünün tamamilə ləğv edilməsi barədə qərar verib. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq ölüm hökmünü ləğv etdi.
Doğum günləri:

1866 –Məşhur yazıçı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə Naxçıvanda anadan olub.
İlk təhsilini səkkiz yaşında mollaxanada alıb. Bir il sonra isə Naxçıvandakı rus-türk (rus-tatar deyilib) məktəbində oxuyub. 1882-ci ildə Gürcüstanın Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının ehtiyat sinifinə daxil olub. Burada qabiliyyət və bacarığını göstərdiyinə görə əsas sinifə keçirilib. Seminariyanı 1887-ci ildə bitirib. Vəsiqəsində ibtidai məktəblərdə müəllimlik edə bilmək hüququ oldüğu göstərilən Cəlil Məmmədquluzadə işləmək üçün İrəvan quberniyasına göndərilib. Quberniyanın Uluxanlı, Baş Noraşen kəndlərində üç il, hazırki Babək rayonunun Nehrəm kəndində səkkiz il (1890-1897) müəllimlik edib. 1889-cu ildə Noraşendə ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik pyesini və bir sıra nəsr əsərlərini qələmə alıb.
Cəlil Məmmədquluzadə 1895-ci ildə Moskvaya və Peterburqa gedərək müəyyən müddət burada qalıb.
1898-ci ildə İrəvan şəhərinə gedib. Orada müxtəlif idarələrdə mütərcimlik edib, məhkəmədə vəkil kimi çalışıb. Burada ona hörmət əlaməti olaraq “Mirzə” deyə müraciət ediblər. Buna görə də bəzi mənbələrdə ədibin imzası Mirzə Cəlil Məmmədquluzadə (qısa olaraq Mirzə Cəlil) kimi verilib. Nə tərcüməçilik, nə də vəkillk onun ürəyincə olmayıb. Ona görə də işləməyi ataraq özünü sırf bədii yaradıcılığa həsr edib. Həyat yoldaşı ağır xəstələnən Cəlil Məmmədquluzadə onu müalicə etdirmək üçün 1903-cü ildə Tiflisə gəlib. Qafqaz azərbaycanlılarının mədəniyyət mərkəzlərindən sayılan bu şəhərdə o, görkəmli ziyalılarla, məşhur maarifpərvərlərlə tanış olub. Onlardan biri də “Şərqi-Rus” qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtlı idi. O, Mirzə Cəlilin yeni yazdığı “Poçt qutusu” hekayəsini dinləyib və çox bəyənib. Buna görə də gələcəyin dahi ədibini “Şərqi-Rus”da işləməyə dəvət edib (1904). Hətta bu ilin noyabrında Mirzə Cəlil həmin qəzetin müvəqqəti redaktoru olub.
Bir il sonra “Şərqi-Rus” qəzeti bağlanıb, Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə, maarifpərvər tacir Məmmədəli Bağırzadə ilə birləşərək qəzetin mətbəəsini alıb. Mətbəəyə “Qeyrət” adı verərək burada müxtəlif kitablar, intibahnamələr nəşr etdirib.
1906-cı ildə “Molla Nəsrəddin” jurnalını çap etdirməyə başlayıb. Bu jurnal Tiflisdə (1906- 1917), az vaxt Təbrizdə (1921, cəmi səkkiz nömrəsi buraxılıb ) və son illərdə Bakıda (1922-1931) bilavasitə Cəlil Məmmədquluzadənin redaktəsi ilə çap olunub. Jurnalın Təbrizdə çap olunmasının səbəbi o idi ki, Azərbaycana Sovet hakimiyyəti gələndə Cəlil Məmmədquluzadə İrana getmişdi (iyun, 1920). Lakin 1922-ci ildə hökumətin dəvəti ilə Bakıya qayıtmışdı. Ədib Bakıda “Yeni yol” qəzetinin redaktoru olub, “Mədəni maarif”, “Şərq qadını” jurnallarında, “Yeni kənd” qəzetində əməkdaşlıq edib.
Birinci həyat yoldaşı vəfat etdikdən sonra 1907-ci ildə Qarabağın məşhur xanlarından olan Əhmədbəy Cavanşirin qızı, tanınmış ziyalı qadın Həmidə xanım Məmmədquluzadə ilə ailə həyatı qurmuşdur. Bu nigahdan onun iki övladı – Midhət və Ənvər Məmmədquluzadələr dünyaya gəlmişdir.
1918-ci ildə onun Ağdam yaxınlığındakı Kəhrizli kəndindəki (Ağcabədi rayonuna aiddir) malikanəsində yaşayıb. Burada özünün gələcək publisist əsərləri üçün kifayət qədər həyati material toplayıb.
Cəlil Məmmədquluzadə 1932-ci il yanvar ayının 4-də Bakıda vəfat edib.
Məzarı Fəxri Xiyabandadır.

1931 — Anatollu Qəniyev Neftçala şəhərində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur . Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti kimi fəaliyyət göstərmişdir. “Çıx yaşıl düzə”, “Reyhan”, “Teymurun mahnısı”, “Dəyişmərəm”, “Bakının ulduzları”, “Şəlalə”, “Ay qız”, “Qonşular” (E. Rəhimova ilə duet), “Yaşa könül”, “İlk görüşdən gəlirəm”, “Səni haylaram”, “Bu dərə uzun dərə” və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanmışdır.
Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələrində və s. qastrol səfərlərində olmuşdur. “Badamlı”, “Nuş olsun”, “Naz-naz” və s. dillər əzbəri olmuş mahnıları ifa etmişdir. “Koroğlu”, “Ulduzlar sönmür”, “Möcüzələr adası”, “Mehman”, “Alma almaya bənzər” kimi kinofilmlərdə mahnıları səslənmişdir.

1942 – Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü , MBA proqram direktoru, ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti Rafiq Əziz oğlu Əliyev Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur.
1948-1958-ci ildə Ağdamda orta məktəbdə təhsil almış, məktəbi medalla bitirmişdir. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxumuşdur. İnstitut təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuşdur. 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1967-1969-cu illərdə Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda (ETLİ) elmi-tədqiqat laboratoriyasının müdiri olmuşdur. 1976-cı ildən professordur. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1989-cu ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olub.
Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlamışdır.
İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.
Vəfat etmişdir:

1945 – Sovet İttifaqı Qəhrəmanı İsmayıl Bayramov faşizmə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.
İsmayıl Bayramov 1910-cu ildə Stavropol vilayətinin Dolinovka kəndində anadan olmuşdur. Həmyerlimiz Dolinovka kəndində kolxoz sədri vəzifəsində
işləyərkən – 1941-ci ildə orduda xidmətə çağırılmışdır.
1943-cü il iyunun 6-da bütün camaat onu müharibəyə yola saldı. İsmayıl Bayramov Qırmızı Bayraqlı atıcı diviziyasında qulluq edirdi. O, bu diviziyada ölüm-dirim yolu keçmişdi. Onun Jitomir, Novqorod, Volınska, Rovno, Zdolbunov, Polşa, Dnepr sahilləri və s. şəhər və ərazilərin düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlıqlar heç vaxt yaddan çıxmayacaqdır. Dəfələrlə düşmən mühasirəsindən sağ-salamat çıxması, bütün döyüş yoldaşlarını, rəhbərliyi və eyni zamanda düşməni belə mat-məəttəl qoymuşdu.
1944-cü ilin sonları idi. Torpaq və şəhərlərimizi düşməndən azad edən zaman İsmayıl öz rota yoldaşlarından ayrı düşüb alman döyüşçüləri tərəfindən əhatəyə alınmışdı. Əlbəyaxa döyüş başlamı və İsmayıl faşistlərin hamısını məhv etmişdi.
İsmayılın belə igidliyi və qəhrəmanlığı haqqında diviziyanın komandiri A.S.Sarayev öz çıxışlarının birində demişdir: “Sovet hərbi dairələri və onun döyüşən əsgərləri çoxmillətli cəngavər millətin ən yaxşılarından təşkil olunmuşdur. Starşina İsmayıl Bayramov kimi belə qəhrəman döyüşçülərlə heç bir vaxt düşmənə tabe olmaq olmaz. Biz, azərbaycanlı balası İsmayılla fəxr edirik!.. ”
Novoselitskidə çıxan “Bolşevik tribunası” qəzetində İsmayıl haqqında yazılmışdır:
“İsmayıl Bayramov yaxşıların yaxşısı kimi əsl döyüş komandiri olmaqla yanaşı, həm də çox gərəkli və əla partiya rəhbəridir”.
Bu sözləri təmiz vicdanlı və əqidəli rus komandiri demişdir.
Artıq 1945-ci ilin qışı idi. Dəhşətli döyüşlər alman ərazisində gedirdi. İsmayıl Bayramovun rəhbərliyi ilə onun döyüşçüləri Almaniyanın Neymarnt dəmir yolu vağzalında döyüşürdülər. Ciddi döyüşlərin birində İsmayıl vuruşa-vuruşa öz döyüşçülərindən kənarda qalmış və yüngül zədə aldıqdan sonra baxıb gördü ki, artıq hər tərəfdən alman əsgərləri ilə əhatə olunmuşdur. Cəsur azərbaycanlı “Vətən uğrunda! ” deyib, düşmən üzərinə yerimiş, əsgərlərini də döyüşə ruhlandırmışdır. Son anda onunla üzbəüz gələn alman zabitlərini özü ilə birlikdə partlatmışdır. Bu hadisə 1945-ci il fevralın 10-da baş vermişdir. Sovet əsgərləri bu dəmiryol vağzalını ələ keçirdikdən sonra axtarış vaxtı qəhrəmanın cənazəsini tapırlar.
SSRİ Ali Sevetinin 10 aprel 1945-ci il tarixli fərmanına əsasən ona Sovet İttifaqı Qəhrəmanı adı verilir.

1978 — Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı Mirzə Ağamurad oğlu Cəbiyev 52 yaşında Astarada vəfat etmişdir.
Mirzə Cəbiyev 1925-ci ildə Astara rayonunun Hamoşam kəndində doğulmuş və 1943-cü ildə könüllü olaraq orduda xidmətə getmişdir.
1944-cü ildə kiçik leytenant rütbəsi alaraq 43-cü Ordu tərkibində cəbhəyə (III Belorus cəbhəsi) göndərilmişdir.
Baş leytenant Mirzə Cəbiyev 1945ci ilin 6 aprelində Keniqsberq şəhəri ətrafındakı döyüşlərdə komandir olduğu bölmə ilə kanalı keçərək qarşıdakı istehkamı ələ keçirmiş və qələbə bayrağını sancmışdır.
Bu döyüşdə o, şəxsən düşməndən 13 nəfər əsir götürmüşdür.
Döyüşdə yaralansa da, öz vəzifəsini qələbəyə qədər sədaqətlə icra etmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 19 aprelində verilmişdir.
Müharibədən sonra kapitan Mirzə Cəbiyev Astarada sovxoz direktoru işləmişdir.
Vətənində büstü qoyulmuşdur.

1980 — Azərbaycan xalq sənətinin məşhurlarından biri olan Aşıq Şəmşir 87 yaşında vəfat etmişdir.
Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla – Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi.
Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.