Təqvimdə bu gün
İlin 42-ci günü.
Mühüm hadisələr:
1725 – Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bu, çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk praktik addımı idi. Çar I Pyotr sələflərinə məhz bu siyasəti vəsiyyət etmişdi.

1920 – Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb.
1920 – Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib.
1921 – Bakıda Əməkçi Qadınların I Qurultayı başa çatıb..
1959 – Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb.
1984 – Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib.
1992 – Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurmuşdur.
1992 – Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.
2000 – Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurmuşdur.
2005 – Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər.
Doğum günləri

1898 — Sovet İttifaqı Qəhrəmanı Bəkir Dursun oğlu Mustafayev Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndinə anadan olub.
1941-1945-ci illər müharibəsi zamanı Gürcüstanda yaşayan azərbaycanlılardan təxminən 10 min əsgər həlak olmuş, 3 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Bunlardan biri də Bəkir Mustafayev olmuşdur.
O, 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.
Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə dəfələrlə qəhrəmanlıq göstərib.
Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib.
Bəkir Mustafayev 10 dekabr 1978-ci ildə vəfat edib.
Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, eyni zamanda Lenin ordeni, “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.

1929— Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərli Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində alıb. 1950-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib.
1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub.
1993–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub.
Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir1990–2007-ci illərdə Tofiq Köçərli tərəfindən yazılmış 7 monoqrafiya, çoxsaylı məqalə və çıxışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə, erməni ekstremistlərinin xalqımıza qarşı törətdikləri cinayətlərin ifşa edilməsinə həsr edilmişdir.
T.Köçərli 2007-ci ildə 79 yaşında vəfat etmişdir.

1914 – Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova Bakıda anadan olub.
Rəmziyyə Veysəlova yeni tipli qız məktəbində təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.
1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçmüşdür.
1934-1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlir və hər ikisi teatrın kollektivinə qəbul olunurlar.
Aktrisa altmış iki illik aktyorluq fəaliyyəti dövründə onlarla parlaq obraz yaratmışdır.
Rəmziyyə Veysəlova 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat etmişdir.

1920 — Məşhur ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olmuş Əziz Mirəhmədov Bakı şəhərində doğulmuşdur.
İlk təhsilini Bakıda M.A.Əliyev və M.F.Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə almışdır. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən “Azərbaycan müəllimi”nin sələfi olan “Müəllim qəzeti”nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943-1948-ci illərdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.
Əziz Mirəhmədov “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri” mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşmüşdü. O, “Molla Nəsrəddin” jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırmışdı.
Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən Əziz
Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin
müəllifidir. Onun “M.F.Axundov”, “Abdulla Şaiq”, “Sabir” (, “Məhəmməd Hadi” ,“Azərbaycan Molla Nəsrəddini” , “Satirik gülüşün qüdrəti” , “Ağlar güləyən” monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm” və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir.
11 fevral 2002 -ci ildə 82 yaşında vəfat etmişdir.

1930 — Görkəmli dramaturq Cəfər Cabbarlının qızı, filoloq, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Gülarə Cabbarlı Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib.
1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinali təhsil almışdır. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş “Cəfər Cabbarlı Mükafatı”nı, yazıçının əsərlərinin toplandığı “Mənim tanrım—gözəllik”, “XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu” adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət “Azad bir quşdum” adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri olmuşdur.
Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir.
Vəfat etmişdir:

1980 — Görkəmli şair, dramaturq, tərcüməçi Əliağa Həsənağa oğlu Vəliyev (Əliağa Kürçaylı) 51 yaşında Bakıda vəfat etmişdir.
Əliağa Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub.
“Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Moskva radio qovşağında redaktor işləmiş, yaşlı yazıçıların I müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbini bitirərək Filologiya fakültəsinə daxil olmuşdur. Daha sonra onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, lakin Moskvanın havası ona düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda 1953-1955-cü illərdə ” Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyir. 1955-1957-ci illərdə Bakıda Ali ədəbiyyat kursunun dinləyicisi olur, 1959-1965-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri, 1965-1966-cı illərdə “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, 1966-1967-ci illərdə “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmiş, sonra bir müddət sərbəst yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş , 1978-ci ilin mayından ömrünün axırınadək “Yazıçı” nəşriyyatında baş redaktor olmuşdur.

1981 — Məşhur teatr xadimi, Xalq artisti Möhsün Sadıq oğlu Cəfərov (Möhsün Sənani) 80 yaşında Bakıda vəfat etmişdir.
Möhsün Sənani 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olmuşdur.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırmışdı. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur. Mirzəxan Quliyevə və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları onun istedadına heyran qalırlar. Bu, Möhsünün səhnəyə olan eşqini daha da artırır.
Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər.
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılmışdır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir. Bunlardan “Səbuhi”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək kifayətdir.

2012 — Məşhur bəstəkar, Xalq artisti və Dağıstanın Xalq artisti Elza İbrahimova 74 yaşında Bakıda vəfat etmişdir.
Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan “Qurban verərdim”lə bərabər “Sən mənə lazımsan” (söz. Əliağa Kürçaylı), “Bağçadan keçmisən” (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazmışdır.
Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

2013 — Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, fizika – riyaziyyat elmləri doktoru, professor işləmiş Məlik-Baxış Əli İkram oğlu Babayev 77 yaşında vəfat etmişdir.
2005-ci ildə Azərbaycan Elminin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir.
Məlik-Baxış Babayev 3 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Məlik-Baxış Əli İkram oğlu Babayev 1954-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960-1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir. Məlik-Baxış müəllim 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B.Babayevin əsərlərinə istinad etmişdir. Professor Məlik-Baxış Babayev adına riyazi termin olan ilk azərbaycanlı riyaziyyatçıdır. Belə ki, 1992-ci ildə İtaliyada keçirilmiş beynəlxalq konfransda onun tədqiq etdiyi çoxluqlar “Бабаевские множества” adı ilə riyazi termin kimi qəbul edilmişdir. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru S.V.Konyaginin aspirantlar və tələbələr üçün oxuduğu “Yaxınlaşma nəzəriyyəsi” kursunun bir fəsli “Бабаевские множества, их свойства и применение” adlanır. Azərbaycanda təhsilin inkişafında, onun dünya təhsilinə inteqrasiya olunmasında Məlik-Baxış müəllimin müstəsna xidmətləri olmuşdur. 1997-ci ildə Məlik-Baxış müəllim dünyada ilk dəfə olaraq yeni bir təlimin – “Maraq və Məntiq” təliminin əsasını qoydu. Bu təlim elm, texnika və həyat haqqında maraqlı, düşündürücü suallar, məsələlər, hadisələrlə zəngin olmaqla insanı düşünməyə dəvət edir, onun məntiqi düşünmə qabiliyyətinin inkişafına, intellektinin yüksəlməsinə, həyata marağının artmasına xidmət edir.
Məlik-Baxış müəllim 10 ildən artıq müddətdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İdarəçilikdə riyaziyyat” fənnindən mühazirə oxumuş və bu mühazirələrin nəticəsi kimi 2002-ci ildə “Математика в управлении”, 2003-cü ildə isə “İdarəçilikdə riyaziyyat” dərsliklərini yazmışdır.
Bayramlar və xüsusi günlər

11 fevral Azərbaycan Vergi xidməti işçilərinin peşə bayramı günüdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolu nəzərə alınaraq hər il fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü qeyd olunur. .




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.