Tarixdə bu gün

İlin 43-cü günü
Mühüm hadisələr:
1502 – Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb.
1990 – Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib.
Doğum günləri:

1911 – Məşhur tarzən, Azərbaycanın Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov Bakı şəhərində anadan olmuşdur. Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayır. Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılmışdır. O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil etmişdir. Bəhram Mansurov Sadıqcandan sonra klassik azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən idi. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır. 2011-ci il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bəhram Mansurovun anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbirləri keçirildi.
14 may 1985ci ildə 74 yaşında Bakıda vəfat etmişdir.

1915 – Sovet İttifaqı Qəhrəmanı İdris Süleymanov Qasım İsmayılov rayonunda anadan olmuşdur.
1939-cu ildə Goranboy RHK-dan orduya çağırılmışdır. Leytenant İdris Süleymanov Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci il noyabrın əvvəllərində kiçik leytenant rütbəsində olarkən Mozdok yaxınlığında 43-cü əlahiddə atıcı briqadanın birinci əlahiddə atıcı batalyonunun birinci tağımının komandiri olmuşdur.
Şimali Osetiya Respublikasının Mozdok rayonunun İşşersk məntəqəsinin alınmasında qəhrəmanlıq göstərmişdir. Vuruşmanın ən qaynar anında gözündən və ayağından yaralanmağına baxmayaraq, döyüşçüləri səsləyərək, düşmənə əks-həmlə etmişdir. Bundan sonra düşmən öz mövqelərini qoyub geriyə doğru çəkilməyə məcbur olmuşdur.
1942-ci ilin 13 dekabrında kiçik leytenant İdris Süleymanova SSRİ Ali Sovetinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. 1943-cü ildə yaralandığına görə ön cəbhədən arxa cəbhəyə keçirilmişdir.
Müharibədən sonra Goranboy rayonunda sosial təminat şöbəsinin müdiri işləmişdir.
29 iyul 1986-cı ildə vəfat etmişdir.

1923 – Nəğməkar şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi İslam Əhməd oğlu Səfərli Naxşıvan MR-nin Babək rayonunun kəndində anadan olmuşdur.
Böyük Vətən müharibəsi illərində könüllü olaraq cəbhəyə getmişdir. Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, Çex qızının məhəbbəti, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun “İki qardaş” (1950), “Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkli itki” (1973) novellaları, “İki könül bir olanda” (1947) balet-librettosu, “Şərqin qalibləri” (1960), “Bir stəkan çay” (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S. Puşkin, M.M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.
Şairin “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.
İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub.
Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.
İslam Səfərli 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.

1933 – Azərbaycanın Əməkdar rəssamı , heykəltaraş Elmira Hüseynova Bakı şəhərində anadan olmuşdur.
Elmira Hüseynova Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirmişdir. Heykəltəraşlığın məişət və portret janrlarında çalışırdı.
“Kolxolçu qız” (1957), “Fəhlə” (1958), “Ailə” (1960), “C.Cabbarlı” (1968), “Ana” (1970), “Rəsul Rza” (1970) və s. əsərləri plastik formaların lakonikliyi və kompozisiyanın orijinallığı ilə fərqlənir. Hüseynova monumental heykəltəraşlıq sahəsində də fəaliyyət göstərib (Sumqayıtda C.Cabbarlının abidəsi, 1966; Bakıda ASE Baş redaksiyası binası qarşısında H.Zərdabinin abidəsi, 1983).
Elmira Hüseynovanın əsərləri uzun illərdir Bakının küçələrini bəzəyir. Onların arasında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fasadında qoyulmuş heykəltəraşlıq ansamblında rus kimyaçı alimi D.S.Mendeleyevin heykəlini, Fəxri Xiyabanda Cəfər Cabbarlının məzarı üzərindəki barelyefi, habelə İçərişəhərdə Həsən bəy Zərdabinin heykəlini göstərmək olar.
23 yanvar 1995-ci ildə 61 yaşında Bakıda vəfat etmişdir.

1933 —Azərbaycan Respublikasının Əməkdar artisti, görkəmli xanəndə Mais Salmanov Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun rolunun ifaçısı olub.
Mais Salmanov 25 iyul 2008 – ci ildə Bakıda vəfat etmişdir.
Tanınmış neftçi – alim Fərman Salmanovun qardaşıdır.

1964 – Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli Bakı şəhərində anadan olmuşdur.
1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdi. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini davam etdirərək, həm də C.Cabbarlı adına “Azərbaycan film” kinostudiyasında işıqçı işləyib.
Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə əsl hünər nümunələri göstərmişdir.
Döyüş şücaətinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. Bu döyüşdə Təbriz qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.
Vəfat etmişdir:

1931 – Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli hərbi xadimi Səməd bəy Mehmandarov 75b yaşında Bakıda vəfat etmişdir.
Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur.
Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir.
1915-ci ildə S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.
S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.
Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: “Mehmandarov nadir artileriyaçıdır”.
S.Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
S.Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.

1940 – Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş Prokuroru, Stalin repressiyalarının qurbanı Bahadır Vəlibəyov vəfat etmişdir (güllələnmişdir).
Bahadur Vəlibəyov 1894-cü il də Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olmuşdur.1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilmiş, sonradan Sosial-Demokrat Partiyasının 3-cü Dumasınin tələbinə əsasən hüquq fakultəsinə bərpa olunmuşdu.
1918- 1936 –cı ldə ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov.İKP) sıralarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1920-37-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı,Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olmuşdur.
21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytinantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur.
16 fevral 1940-cı ildə SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının qapalı iclasında Vəlibəyov ən ağır cəzaya-ölüm hökmünə məhkum edilmiş və hökm dərhal icra edilmişdir.
Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 7 yanvar 1956-cı il qərarına əsasən Bahadır Vəlibəyova bəraət verilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.