Tarixdə bu gün
İlin 44-cü günü
Mühüm hadisələr:
1745– Nadir şah Şəkiyə ikinci dəfə hücum edib.
1905 – Bakıda müvəqqəti general-qubernatorluq yaradılıb.
1975 – Şimali Kipr Federativ dövləti təşkil edilib.
1988 – Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndində erməni əhali Qarabağın Azərbaycandan ayrılması tələbi ilə mitinqlərə başlayıb.

1990 – Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK-nın Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ci il tarixli) qeyri-qanuni olması barədə qərar qəbul edib. Bu, erməni tərəfin Qarabağla bağlı tarixi təftiş etmək cəhdlərinin bir nümunəsi idi.
1992 – Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb.Çexoslovakiya (ATƏT-ə sədrlik edirdi) prezidenti administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu. Bu missiyanın nəticəsi olaraq ATƏT-in Minsk Qrupu yarandı (24 mart 1992).
1993 — Azərbaycan Respublikası İordaniya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1948— Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti, Xalq artisti Sabir Məhərrəm oğlu Əliyev Cəlilabad rayonunda anadan olmuşdur.
1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır.
1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 50 ildən artıq bu teatrın muğam bölməsinin solisti olmuşdur.
Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar — “Leyli və Məcnun”da (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu”da (Vəli, Nadir), “Vaqif”də (Xanəndə, Züvvar), “Şah İsmayıl”da (Çapqınçı), “Əsli və Kərəm”də (Sofi, Osmanlı), “Aşıq Qərib”də (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası”nda (Əmioğlu, Şeyx), “Natəvan”da (Aşıq), “Sevil”də (Azançı) rolları yaratmışdır.
S. Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış etmişdir.
Sabir Əliyev 22 dekabr 2020-ci ildə 72 yaşında vəfat etmişdir.

1954 —Azərbaycan Respublikasının Xalq artisti Nisə Fətulla qızı Qasımova Bakı şəhərində anadan olmuşdur.
1972-1973 illərdə bir-birinin ardınca “Ay ellər”, ” Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kasetləri də işıq üzü görür.
1975 ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin Qızıl Fonduna ifa etdiyi ” Laylay” (Şəfiqə Axundova), “Sədaqətim var” (Ələkbər Tağıyev), “Bayatı Şiraz təsnifi” ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansambla birgə “Gül bir az”, “Gözləyəcəyəm”, “Leyla” və. s. mahnılarından ibarət albom lentə aldırır.
1977-ci ildə müğənni İncəsənət İnstitutuna daxil olur.
2008-ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma “Birliyə doğru” beynəlxalq humanitar təşkilatı tərəfindən ” Əlimi tut, səninləyəm” xeyriyyə layihəsinə görə Azərbaycanın “Ən xeyirxah müğənnisi” diplomu verilmişdir. Azərbaycanın əfsanəvi səsi dəyərləndirilən Nisə Qasımova bu gün də sənət fəaliyyətini davam etdirməkdədir.

2016—14 aylıq körpə ikən erməni gülləsinə tuş gəlmiş Zəhra Quliyeva Füzuli rayonunun Alxanlı qəsəbəsində Elnur və Təhminə Quliyevlərin ailəsində anadan olub.
2017-ci il, iyulun 4-də saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralandı və xəstəxanaya çatdırılaraq əməliyyat edildi.
Vəfat etmişdir:

2009 — Azərbaycanın Xalq şairi, dramaturq, alim, publisist, ictimai xadim Bəxtiyar Vahabzadə Bakıda vəfat etmişdir.
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər . Bakıda orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır.
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
“Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

2012 — Görkəmli ədəbiyyatşünas, folklorşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Mövlud oğlu Nəbiyev 66 yaşında Bakıda vəfat etmişdir.
Azad Nəbiyev 1945-ci il aprelin 20-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır . 1974-1976-cı illərdə “Gənclik” nəşriyyatında redaksiya müdiri , 1976-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır.
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə “Qızıl Quba” rayon qəzetində çap olunmuşdur. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir. “Koroğlu dastanı” mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir .
“Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir . “Azərbaycan dastanları”, “Nəğmələr, inanclar, alqışlar, adətlər” , “Alqışlar, adətlər, nəğmələr” , “Koroğlu dastanı” kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.
Bayramlar və xüsusi günlər:

Fevralın 13-ü Ümumdünya Radio Günü qeyd edilir. UNESCO-nun üzvü olan dövlətlər bu barədə 2011-ci ildə qərar qəbul ediblər. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb. Ümumdünya Radio Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanlarını artırmaq məqsədi ilə keçirilir




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.