Tarixdə bu gün

 İlin 45 –ci  günü

İlin sonuna 320 gün qalır.

Mühüm hadisələr:

1956 — Azərbaycanda ilk televiziya (Bakı televiziya studiyası) fəaliyyətə başlamışdır. Bu, Şərqdə ilk televiziya idi. İndiki AzTV kanalıdır

1989 — İranın ali dini rəhbəri Ayətullah Xomeyni bədii əsərlərində İslam dinini təhqir etmiş hindistanlı yazıçı Salman Rüşdinin ölümünə fərman vermişdir.

1992 — MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanmışdır.

2005 — “YouTube” servisi yaradılmışdır.

2011 — Saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan “Mədəniyyət” kanalı fəaliyyətə başlamışdır.

Doğum günləri:

1925 — Görkəmli dirijor, Xalq artisti, SSRİ və Azərbaycan  Dövlət Mükafatı laureatı, professor  Nazim Rzayev   anadan olmuşdur.

 Nazim Rzayev AOBT-nın dirijoru (1958-1960) olmuş, Moskvada Böyuk Teatrda təcrübə keçmişdir (1960-1963).

1964-cü ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur.

1984-1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının quruluşçu dirijoru olmuşdur.

Üzeyir Hacıbəyovun bir neçə əsərinə dirijorluq etmişdir.

Azərbaycan Dövlət Filarmoniyasının tərkibində olan musiqi kollektivlərindən biri də Dövlət Kamera Orkestridir. Bu musiqi kollektivi məşhur Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə 1964-cü ildə yaradılıb. 1964-cü ildən 1992-ci ilə qədər orkestrin bədii rəhbəri Dövlət Mükafatı laureatı, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Nazim Rzayev, 1995-ci ildən 1997-ci ilədək Əməkdar incəsənət xadimi Yaşar İmanov olmuşdur. 1998-ci ildən bu günə qədər isə kollektivə Xalq artisti Teymur Göyçayev rəhbərlik edir.

Nazim Rzayev ömrünün son illərində Türkiyədə işləmişdir.

 1992-ci ildə vəfat etmişdir.

1939 —  Əməkdar artist, “Dədə Süleyman” kimi ad qazanmış məşhur xanəndə  Süleyman Cümşüd oğlu Abdullayev Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuşdur.

1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski   Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və onu professional təhsil almaq üçün Bakıya dəvət etmişdir.

1960-1964-cü illər ərzində S.Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmişdir.

1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır.

Süleyman Abdullayevin ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğam dəsgahlarının lent yazıları AzTR  Qızıl Fonduna daxil olmuşdur.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin – Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verir.

Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyə-tinin “Qızıl səs” medalına layiq görülmüşdür.

Vəfat etmişdir:

1980 — Azərbaycannın görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoqu Rza Abbasqulu oğlu Təhmasib 85 yaşında Bakıda vəfat etmişdir.

Rza Təhmasib 1894-cü ildə Naxçıvanda dünyaya gəlmişdir. 16 yaşında ikən Tbilisidə “Müsəlman Artistləri İttifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib.

1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib.

Aktyor kimi yaratdığı İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd Şah Qacar”), Süleyman (“Həyat”) kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub.

Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük rəğbəti  olub. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları ifa edib.

Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub.

Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib və elə həmin il də Bakı studiyasında “Ordenli Azərbaycan”” sənədli filmini çəkib.

Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib “Səbuhi” filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi.

Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani,Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkiliblər.

Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmi olub. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət smükafatına layiq görülüb.

Kinoda ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı?” filmi olub.

Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynayıb.

2015— Azərbaycan rəssamı, Azərbaycan Respublikasının Xalq Rəssamı Davud Mehdi oğlu Kazımov 88 yaşında Bakıda vəfat etmişdir.

Davud Kazımov 1926-cı ildə Bakıda anadan olmuşdur. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısıdır. Yaradıcılığının erkən dövrlərində çəkdiyi “Zuğulba”, “Dəniz sahili” kiçik həcmli lirik mənzərələr olub.

Fırça ustasının yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub.

Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azrbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. “Xəzərin təkində”, “Sağıcılar”, “Yollar” və əsərləri inandırıcı təsir bağışlayır.

Davud Kazımov Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınır. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri ayrıca qeyd olunmalıdır.

Əfsanəvi “Neft daşları”nda Xəzər neftçilərinin həyatı rəssamın sevimli mövzularından biridir. O, dəfələrlə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib.

Davud Kazımov bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssam 1979-cu idə Bolqarıstanda, 1980-ci ilin sonunda İspaniyada səfərdə olub, bu səfərlərin nəticəsi olaraq, yaradıcılığında xüsusi yer tutan “Bolqarıstan silsiləsi” və “İspaniya silsiləsi”nə daxil olan əsərlərini yaradıb.

Bayramlar və xüsusi günlər:

14 fevral 1992-ci ildə 14 fevral – Azərbaycanın Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.
Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara aydın fəza arzulayırıq.

14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür.

Bu bayram təqvimin ən gənc əlamətdar günlərindən biridir.

Bayramın ənənəsi uşaqlara kitab bağışlamaq və onlarda kitaba məhəbbət yaratmaqdır.

2012-ci ildən etibarən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurun adı ilə bağlıdır. Bu ideyanı ona kiçik oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan Böyük Britaniyaya, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları 14 fevralı “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Hər il minlərlə kitab dünyanın bütün istiqamətlərinə göndərilir və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaşadır.

Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir.

Qeyd edək ki, bu gün həm də Beynəlxalq Sevgililər Günüdür.

14 fevral Sevgililər Günü bütün dünyada qeyd olunur. Sevgililər Günü Amerika Birləşmiş Ştatlarında 1777-ci ildən qeyd olunur. Bu, amerikalılar arasında ən məşhur bayramlardan biridir. Fevralın 14-də amerikalılar Müqəddəs Valentinin xatirəsini ehtiramla yad edir .
20-ci əsrin ikinci yarısında bu gündə Sevgili kartları ilə yanaşı, digər hədiyyələr vermək də ənəənə halını aldı. Qadınlar üçün ümumi hədiyyələr qızılgül, şokolad və ya konfet idi. Amerikalılar qırmızı və ağ karamel istehsalına başlayıblar. Konfetin qırmızı rəngi ehtiras, ağ rəng sevginin saflığına işarə edirdi. Şirniyyatlar ürək formalı qutularda qablaşdırılıb.
Sevgililər Gününü qeyd etmək üçün bir çox amerikalılar evdə bayram yeməyi, rəqs partiyası və ya şəxsi ziyafət təşkil edirlər.
Amma bizim öz Mlli Sevgililər Günümüz var – 30 iyun!

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!