Tarixdə bu gün

İlin 83-cü (uzun illərdə 84-cü) günü.

Mühüm hadisələr:

1992 – Azərbaycan Respublikası Finlandiya ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1872 — Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi Ordubad şəhərində anadan olub.

Ordubadi ilk təhsilini atasından alıb. Atasının ölümündən sonra onun əsas müəllimi Məmməd Tağı Sidqi olub. O, Sidqinin “Əxtər” adlı dördsinifli məktəbində təhsil oxuyub.

Ordubadinin mətbuatda ilk şeiri 1903-cü ildə dərc olunub. İk kitabı  isə”Qəflət” 1906-cə ildə Tiflisdəki “Qeyrət” mətbəəsində çap edilib. İkinci kitabı “Vətən və hürriyyət” 1907-ci ildə çıxıb.

1908-ci ildə Ordubaddan Culfaya köçüb. O burada Əliqulu Qəmküsar, Nəsrulla Şeyxov, Baxşalı Ağa Şaxtaxtlı və b. tərəqqipərvər həmvətənləri ilə birlikdə siyasi-ictimai işlərdə iştirak edib. Culfada gizli fəaliyyət göstərən “Hümmət” bolşevik təşkilatının üzvü kimi iş aparan ədib İran Azərbaycanına gedib və orada baş verən inqilabi hərəkata qatılıb.

 Bakıda nəşr olunan qəzet və jurnallara, Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalına yazılar göndərib, “İrşad”, “Tərəqqi”, “Tazə həyat” və s. qəzetlərdə müxbir kimi müntəzəm əməkdaşlıq edib.

M.S.Ordubadinin jurnalistik fəaliyyətində “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı xüsusi yer tutub. Jurnalın 1906-cı il 4-cü nömrəsindən başlayaraq axırıncı nömrəsinə, yəni 25 ilə yaxın bir müddətdə ədib jurnalda iştirak edib. “Hərdəmxəyal”, “Divanə”, “Qardaşım İbrahimə” və s. imzalarla nəşrdə onlarla felyetonları çıxıb. Felyetonlarının mövzu dairəsi çox geniş olub.

1914-1919-cu illər Ordubadinin həyatında və fəaliyyətində sürgün dövrü adlanır. Bu çox ağır, üzücü, təlatümlü, lakin ibrətamiz dövr olub. Sarıtsində ağır imtahanlar başlayır: aclıq, ehtiyac, vərəm. İki ilə yaxın ədib xəstə yatır. Sonra evlənərək ailə qurur. 1917-ci il fevral inqilabı ilə Ordubadinin sürgün həyatı başa çatıb.

M.S. Ordubadi 1919-cu ildə Sarıtsindən Həştərxana göndərilib. Həştərxana gəldikdən sonra fəaliyyəti daha səmərəli olub. Bakıda yaranmış olan (1919), sonra isə Həştərxanda fəaliyyət göstərən “Hümmət” qəzetində redaktor vəzifəsində çalışıb. 

Milli səhnə sənətinin inkişafı üçün yorulmadan çalışan Ordubadi Azərbaycan teatrında hazırlanan ilk dram əsərlərinin müəlliflərindən biri olub. Onun “Dinçilər”, “Sabotajçılar”, “Cəmiyyət-əqvami”, “Oktyabr inqilabı”, “Sədəf” və digər pyesləri Bakı teatrlarının səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulub.

M.S.Ordubadi  “Qılınc və qələm” əsərini 1939-1941-ci illərdə qələmə alıb. Əsər 1946-1948-ci illərdə çap olunub. 1940-cı ildə o, Ə.Bədəlbəylinin “Nizami” operasının librettosunu yazıb.

M.S.Ordubadi 1950-ci il mayın 1-də ədib uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

1907 — Azərbaycanın mühacir şairi Almas İldırım Bakının Qala kəndində anadan olmuşdur.

Azərbaycan ədəbiyyatı tarixinə “Almas İldırım” kimi daxil olmuş şairin əsl adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan onu babasının adı ilə – Almas adı ilə çağırmışlar. Şeirlərini “Almas İldırım” imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.

1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə “Dün bugün” adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb “Dağlar səslənərkən” şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o, Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, “A.İldırım ideolojimiz üçün zərərli bir insandır…”. Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üçaylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.

Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Ona burada bolşevik casusu hesab edərək işgəncə verilir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.

Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur.

Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.

1938 — Azərbaycan Dövlət mükafatı laureatı , Xalq artisti, “Şöhrət” ordeni laureatı Həsənağa Səttar oğlu Turabov Bakı şəhərində anadan olub.

31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə Aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.

1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.

2003-cü ildə vəfat etmiş, .”Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”) Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşin roludur. Həsən Turabovun “Axırıncı aşırım”, “Çarvadarların izi ilə”, “Ürək… Ürək…”, “Sevinc buxtası”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.

Vəfat etmişdir:

1992— Azərbaycanın Milli Qəhrəmanı Yusifov Naiq Nəsir oğlu    Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Naiq Yusifov  5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır.  Xidmət illə4indən sonra

Naiq Vətən borcunu yerinə yetirmək üçün kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin “Çənlibel” deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır.

24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edir.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğlu   Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Tovuz rayonunun Ağdam kəndində dəfn edilmişdir. Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.

2008 -Azərbaycan Respublikasının Xalq artisti,”Şöhrət” ordenli Tükəzban Məhərrəm qızı İsmayılova 85 yaşında Bakıda vəfat etmişdir.

Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur.Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlamışdır. O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır.Əmək fəaliyyətinə ilk əvvələr İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər vermişdir daha sonra 1944-cü ildə Azərbaycan Radio Komitəsinin xor kollektivində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

1978-2008-ci illərdə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Məzarı II Fəxri Xiyabandadır.

2013— AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsrafil İsmayıl oğlu Abbaslı 75 yaşında vəfat ermişdir

İsrafil Abbaslı 1938-ci il fevralın 1-də İrəvan şəhərində anadan olmuşdur.

1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır. 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri işləmişdir. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır.

İ.Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə Azərbaycan folklorşünaslığını təmsil etmişdir. O, altı cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir.

Azərbaycan folklorunun toplanması, nəşri və araşdırılması problemlərinə həsr olunan Səki, Quba, Bakı və Lənkəran regional folklor müşavirələrinin hazırlanıb keçirilməsində də yaxından iştirak etmiş, həmçinin onun redaktəsi ilə müşavirələrin ilk kitabı elmi ictimaiyyətə çatdırılmışdır.

Bayramlar və xüsusi günlər:

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!